Azərbaycanda palliativ yardım



Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da palliativ yardım xidmətinin inkişafına tələbat var. Ümumiyyətlə, Azərbaycan üçün palliativ yardım yeni anlayışdır. Terminal mərhələlərdə olan onkoloji və QİÇS-li xəstələr yalnız bir neçə respublika tipli xəstəxanalarda və Respublika QİÇS-lə Mübarizə Mərkəzində palliativ yardımla qismən əhatə olunurlar. Bu insanların dözülməz ağrılarını yüngülləşdirmək, onlara müvafiq məişət və səhiyyə qulluğu göstərmək həm də ailə üzvləri və qohumlarının üzərinə düşür ki, onlar da bu işin öhdəsindən gələ bilmirlər. Palliativ yardım bu cür xəstələrə ömürlərinin qalan hissəsini ləyaqətlə başa vurmasına, ağrılardan qurtulmasına, həyat və ölümün mənasını başa düşməsinə, nəhayət, ölümü dəyanət və nikbinliklə qarşılamasına imkan verir. Ona görə də palliativ yardım xidmətinin inkişafı və genişləndirilməsi milli səhiyyə sistemi üçün olduqca zəruridir.  

Ümumdünya Səhiyyə Təşkilatı sağalmaz xəstələrə köməklik göstərən palliativ yardım sisteminin təşəbbüskarıdır. 80-cı illərin əvvəllərində ÜST-nın onkoloji bölməsi bütün dünyada onkoloji xəstələrə adekvat ağrısızlaşdırmanı və opioid preparatların asan əldə edilməsini təmin edən tədbirlərin tətbiqi üçün qlobal təşəbbüsə təkan vermişdir. Bütün dünyada onkoloji xəstəliklərin sürətlə artmasını nəzərə alaraq 1982-ci ildə ÜST səhiyyədə yeni istiqamətin yaradılmasının zəruri olduğunu bildirir və palliativ yardım anlayışını təklif edir.

Azərbaycanda mövcud palliativ xidmətlərinin genişləndirilməsinə və milli səhiyyə sisteminin ayrılmaz komponentinə çevrilməsinə böyük ehtiyac yaranıb. Palliativ yardımın həyata keçirilməsi maliyyə, təhsil, vətəndaş sektoru resurslarının cəlb olunması və dərman təchizatı siyasətindən asılıdır. 

30 aprel, 2008-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Beynəlxalq Palliativ Qulluq Təşəbbüsü Proqramının təşəbbüsü ilə “Azərbaycan Respublikasında Palliativ Qulluğun İnkişaf Perspektivləri” mövzusunda dəyirmi masa həyata keçirilmiş, məsələ ətrafında geniş müzakirələr aparılmışdır.   

Dəyirmi masa iştirakçıları olan müxtəlif dövlət, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin yekdil qənaətinə əsaslanaraq, müvafiq qanunvericilik aktlarının və icra mexanizmlərinin işlənilməsi də daxil olmaqla, bir sıra təkliflər, o cümlədən Palliativ Xidmət Siyasətinin formalaşdırılması, aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə bu sahəyə dair müvafiq tövsiyələrin formalaşdırılması təklifləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş və qısa müddətdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bu işin təşkil olunmasına dəstək verilmişdir.

Palliativ yardım və hospis xidmətiylə bağlı ölkəmizdə  2016-cı ilin avqust ayından başlayaraq İSİM-in mütəxəssisləri tərəfindən paytaxtda və 7 iqtisadi regionun (Abşeron, Gəncə-Qazax, Lənkəran, Aran, Quba-Xaçmaz, Şəki-Zaqatala və Dağlıq Şirvan) hər birində seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalı və bu xidmətdən bəhrələnə biləcək xəstələr və onların yaxınları müəyyən edilərək sorğuya cəlb edilmişdir. ​Nəticədə palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və əngəllər müəyyən edilib. Layihə çərçivəsində görüləcək işin nəticəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtibi və bu cür xidmətlərin Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq olaraq icra edilməsi də nəzərdə tutulmuşdur. ​İlin sonuna kimi davam edən bu fəaliyyət “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilmiş və qabaqcıl dünya ölkələrinin modellərini rəhbər tutaraq ölkəmizdə bu cür xidmət mərkəzlərinin formalaşdırılması üçün önəmli işlər görülməkdədir.  


15.09.2022

105
0