Palliativ qayğı və hospis dünyada



Palliativ qayğı ağır xəstəliyi olan xəstələr və onların ailələrinin mümkün həyat keyfiyyətinin dəstəklənməsi və əzab-əziyyətin profilaktikası və azaldılmasına yönəlmiş multidissiplinar tibbi ixtisasdır. Palliativ qayğının əsasını simptomların menecmenti təşkil edir. Bu növ qayğı zamanı diqqətin cəlb olunduğu məsələlərə aşağıdakılar aiddir: xəstənin önəm verdiyi mənəvi dəyərlər və istəklər əsasında qayğının məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi; xəstə və ona göstərilən qayğıda iştirak edən bütün şəxslər arasında davamlı ünsiyyətin təmin edilməsi; xəstələrə və onların ailələrinə psixososial, mənəvi, dini və praktik dəstəyin göstərilməsi; və bütün spektr üzrə qayğının koordinasiyası. 

Hospis və Palliativ Təbabət ABŞ-da, Kanadada, İngiltərədə, Avstraliyada və bir çox digər ölkələrdə rəsmi tanınan tibb sahəsidir və ixtisasıdır. Əksər Avropa ölkələrində palliativ qayğının sertifikasiyası və lisenziyalaşdırılması prosesi xeyli müddətdir ki, başlayıb. Lakin dünyanın digər ölkələrində palliativ qayğı sistemi ya mövcud deyil, ya da onun keyfiyyəti və əhatəliyi çox məhduddur. Tədqiqatların birindən müəyyən edilmişdir ki, palliativ qayğı xidmətlərinə ehtiyacı olan xəstələrin yalnız 8%-ı bu xidmətlərdən bəhrələnir. 

 

Yayılması (epidemiologiya)

Palliativ qayğı xidmətləri dünyada ölümün ən çox hallarına səbəb olan qeyri-infeksion xəstəliklərin menecmentində daha çox istifadə edilir. Palliativ qayğıya ehtiyacı olan böyük yaşlı xəstələrin böyük əksəriyyəti bədxassəli olmayan yəni qeyri-maliqnant proqressiv xəstəlikləri olanlardır. İkinci yerdə xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrdir. Afrika qitəsi burada bir istisnadır. Belə ki, Afrika qitəsində palliativ yardıma ehtiyacı olan xəstələr sırasında İİV\QİÇS-li xəstələr çoxluq təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə palliativ yardıma ehtiyacı olan böyüklərin 78%-i aşağı- və orta-gəlirli ölkələrin payına düşür. Eyni ilə palliativ qayğıya ehtiyac duyan uşaqların böyük əksəriyyəti (98%) aşağı- və orta-gəlirli ölkələrin payına düşür. Buna baxmayaraq, palliativ qayğı xidmətləri ilə əhatə olunmuş böyüklərin böyük hissəsi yüksək-gəlirli ölkələrdədir. 

230-dan çox ölkədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, ölkələrin 58%-də palliativ qayğı sisteminin bir və bir neçə növü mövcuddur. Digər araşdırmalarda isə göstərilib ki, palliativ qayğı sahəsində mütəxəssis yardımı yalnız dünya ölkələrinin 30-45%-də mövcuddur. Ciddi narahatçılığa səbəb olan digər bir məqam isə opiat qrupu analgetiklərinin əlçatanlığı olub. Belə ki, dünya əhalisinin 83%-i opiat qrupu analgetiklərinin əlçatanlığı çox məhdud olan və ya ümumiyyətlə olmayan ölkələrdə yaşayır. 


09.09.2022

94
0