Yaşlı insanlara palliativ yardımın təkmilləşdirilməsi
Elizabeth Davies və Irene J. Higginsonun redaktorluğu ilə Avropa Palliativ Yardım Assosiasiyası
REZUME
Avropa ölkələrində və digər inkişaf etmiş dövlətlərdə ölüm hallarının əksəriyyəti 65 yaşdan yuxarı dövrə təsadüf edir, lakin mövcud səhiyyə siyasətlərində yaşlı insanların ömrünün son illərindəki ehtiyaclarına nisbətən az diqqət yetirilir. Gözlənilən ömür uzunluğunun artması ilə bir çox ölkələrdə ahıl yaşa qədər yaşayan insanların sayı artır. Eyni zamanda, əmək qabiliyyətli əhalinin payı azalır və yaşlıların qayğısına qalan şəxslərin orta yaşı yüksəlir. Bununla əlaqədar olaraq, ictimai səhiyyədə palliativ yardım problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, yaşlı insanlar daha gənc xəstələrlə müqayisədə daha az palliativ yardım alırlar, çünki mövcud xidmətlər əsas diqqəti onkoloji xəstələrə yönəldir. Bu bukletin nəşri ÜST-nin Avropa Regional Bürosunun səhiyyə təşkilatçılarını və rəhbərlərini aydın və anlaşıqlı formada ifadə edilmiş etibarlı elmi məlumatlarla təmin etmək fəaliyyətinin bir hissəsidir. Burada yaşlı insanların ehtiyacları; onlarda ən çox rast gəlinən xəstəliklərin gedişat xüsusiyyətləri; ağrı və digər simptomların lazımi dərəcədə qiymətləndirilmədiyini göstərən obyektiv faktlar; yaşlı insanların qərar qəbuledilmə prosesinə cəlb olunmasının vacibliyinə dair arqumentlər; palliativ yardımın effektiv təşkili variantları haqqında faktiki məlumatlar, eləcə də gələcək vəzifələr təqdim olunur. Müşayiətedici "Palliativ yardım - təkzibolunmaz faktlar" bukletində yardımın bu növünün təkmilləşdirilməsi, həmçinin bu sahədə tibb işçilərinin hazırlanması və əhalinin maarifləndirilməsi yolları nəzərdən keçirilir.
Mənbə:
(RUS) https://iris.who.int/server/api/core/bitstreams/5726d64b-07bf-4e59-98f2-3a1b58af59aa/content
(İNG) https://iris.who.int/server/api/core/bitstreams/131c8820-fd88-4034-8d87-916ea2bc69d1/content

