Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) uzun illər davam edən, proqressiv gedişli xəstəlikdir. Xəstəlik proqressivləşdikcə və pasiyent palliativ yardıma ehtiyac duymağa başladıqda, o, adətən təngnəfəsliyin azaldılması məqsədilə müxtəlif dərman vasitələrindən və onların kombinasiyalarından istifadə edir. Buna baxmayaraq, əhəmiyyətli sayda AXOX-li pasiyentdə ağır, refrakter təngnəfəslik əsas problem olaraq qalır.
Tədqiqatların məlumatlarına görə, daimi müalicə alan AXOX-li pasiyentlərin 50–70%-i bu simptomdan əziyyət çəkməkdə davam edir.
AXOX zamanı təngnəfəsliyin güclənməsinin mexanizmləri və səbəbləri
AXOX zamanı təngnəfəslik multifaktorial xarakter daşıyır. İlkin olaraq bu simptom hava axınının məhdudlaşması ilə əlaqədardır: tənəffüs yollarının daralması səbəbindən ağciyərlər nəfəsvermə zamanı tam boşala bilmir. Nəticədə ağciyərlərin hiperinflasiyası (ağciyərlərin havalılığının artması) inkişaf edir, tənəffüs tezliyi artır və qaz mübadiləsi pozulur.
Ağır və narahatedici təngnəfəsliyin yaranması və güclənməsinin səbəbləri
- tənəffüs yollarında mexaniki obstruksiyaya səbəb olan qatı bəlğəmin hipersekresiyası və toplanması;
- bronxial obstruksiyanı daha da gücləndirən bronxospazm;
- tənəffüs yollarının selikli qişasının ödemi — həm iltihabi, həm də allergik mənşəli;
- müalicə rejiminə əməl edilməməsi və ya əsas terapiyanın qeyri-müntəzəm qəbulu;
- ağciyərlərin hiperinflasiyasının dərinləşməsi və tənəffüs əzələlərinin tükənməsi ilə müşayiət olunan xəstəliyin proqressivləşməsi;
- nəzarətsiz oksigenoterapiya, tənəffüs əzələlərinin disfunksiyası və alveolyar hipoventilyasiya nəticəsində inkişaf edən hiperkapnik tənəffüs çatışmazlığı (alveolyar hipoventilyasiya nəticəsində qanda karbon qazının səviyyəsinin artması ilə xarakterizə olunan tənəffüs çatışmazlığı);
- yanaşı xəstəliklər və kəskin vəziyyətlər: pnevmoniya, ağciyər arteriyasının tromboemboliyası (ATE), ürək çatışmazlığı, pnevmotoraks, plevral boşluqda maye toplanması və s..
AXOX zamanı təngnəfəsliyin səbəblərinin differensial diaqnostikası alqoritmi
- Anamnezin toplanması: təngnəfəsliyin xarakterinin, artma sürətinin, təhrikedici amillərlə əlaqəsinin, siqaretçəkmə anamnezinin və yanaşı xəstəliklərin qiymətləndirilməsi;
- fiziki müayinə: tənəffüs zamanı köməkçi tənəffüs əzələlərinin iştirakının, döş qəfəsinin simmetrikliyinin, periferik ödemlərin və sianozun qiymətləndirilməsi;
- həyati göstəricilərin qiymətləndirilməsi: şüur səviyyəsi, tənəffüs tezliyi, ürək vurğularının sayı, arterial təzyiq və bədən temperaturu;
- pulsoksimetriya: hipoksemiyanın ilkin skrininqi;
- arterial qan qazlarının analizi (mümkün olduqda) — hiperkapniyanı və tənəffüs çatışmazlığının ağırlıq dərəcəsini müəyyən etməyə imkan verən əsas müayinə üsulu;
- ağciyərlərin auskultasiyası.
AXOX zamanı ağır təngnəfəsliyin müalicəsi
Yadda saxlamaq vacibdir ki, müalicə taktikası birbaşa təngnəfəsliyin səbəbindən və inkişaf mexanizmlərindən asılıdır.
1. Bronxial obstruksiya və qatı bəlğəmin toplanması zamanı təngnəfəslik
Əgər simptomun güclənməsi bronxospazm və qatı sekresiyanın toplanması fonunda tənəffüs yollarının obstruksiyası ilə əlaqədardırsa, müalicə bu patogenetik mexanizmlərin aradan qaldırılmasına yönəldilməlidir.
Klinik vəziyyətdən asılı olaraq müalicə sxeminə aşağıdakı dərman qrupları və üsullar daxil edilə bilər:
Bronxodilatatorlar — bir qayda olaraq, tənəffüs yollarının müqavimətini sürətlə azaltmaq məqsədilə qısamüddətli təsir göstərən β₂-adrenoreseptor aqonistləri (QDTBA) və/və ya qısamüddətli təsir göstərən antixolinergik preparatlar (QDTA).
Mukolitiklər — yalnız pasiyentin effektiv bəlğəm xaric etmə qabiliyyəti əvvəlcədən qiymətləndirildikdən sonra təyin edilir.
Antibakterial terapiya — bol miqdarda irinli bəlğəm yarandıqda, pasiyentin ümumi klinik vəziyyəti nəzərə alınmaqla göstəriş əsasında tətbiq edilir.
Oksigenoterapiya — ciddi göstərişlər olduqda aparılır. AXOX-li pasiyentlərdə hədəf SpO₂ səviyyəsi adətən 88–92% təşkil edir. Bu, xüsusilə hiperkapniyaya meyilli pasiyentlərdə oksigenin nəzarətsiz verilməsi nəticəsində hiperkapniyanın ağırlaşması riskinin azaldılması baxımından vacibdir.
2. AXOX-ın kəskinləşməsi zamanı təngnəfəslik
Əgər ağır təngnəfəslik AXOX-ın kəskinləşməsi ilə əlaqədardırsa və bu vəziyyət tənəffüs yollarının geniş iltihabi ödemi ilə müşayiət olunursa, müalicə taktikası göstəriş olduqda qlükokortikosteroidlərlə (QKS) patogenetik müalicəni və oksigenoterapiyanı əhatə edir.
Klinik tədqiqatların məlumatlarına görə, sistem QKS-lər remissiyanın daha tez yaranmasına kömək edir, birinci saniyədə məcburi nəfəsvermə həcmini (FEV₁) yaxşılaşdırır və hipoksemiyanın azaldır.
Bəzi klinik vəziyyətlərdə inhalyasion qlükokortikosteroidlər (İQKS) sistem preparatlara alternativ kimi nəzərdən keçirilə bilər. Lakin bu müalicə variantı seçilərkən pasiyentin inhalyasiya cihazından düzgün istifadə etmək qabiliyyəti, xüsusilə ümumi vəziyyətinin pisləşməsi fonunda, qiymətləndirilməlidir.
İnhalyatorun forması seçilərkən onun tələb etdiyi inhalyasiya manevrini pasiyentin düzgün yerinə yetirə bilməsi, həmçinin onun koqnitiv və fiziki imkanları mütləq nəzərə alınmalıdır.
3. Müalicə rejiminə əməl edilməməsi zamanı təngnəfəslik
Əgər ağır təngnəfəslik müalicə rejiminə əməl edilməməsi və ya əsas terapiyanın qeyri-müntəzəm qəbulu fonunda xəstəliyin proqressivləşməsi ilə əlaqədardırsa, ilk mərhələdə həkim:
pasiyentin hazırkı müalicə sxemini dəqiqləşdirməli;
inhalyasiya texnikasını yoxlamalı;
mövcud təyinatların davam etdirilməsinin məqsədəuyğunluğunu qiymətləndirməlidir.
♦ ♦ ♦ ♦ ♦