Palliativ Yardım logo
Məlumat
Klinik tövsiyələr və alətlərBaxıcılar üçün təlimat

Amiotrofik lateral skleroz (Şarko xəstəliyi)

Amiotrofik lateral skleroz (ALS) mərkəzi və periferik sinir sisteminin hərəkət neyronlarını zədələyən proqressiv neyrodegenerativ xəstəlikdir. Xəstəlik nəticəsində beyin və onurğa beynindən əzələlərə ötürülən siqnallar pozulur, bu isə tədricən əzələ zəifliyi və iflicə səbəb olur.

ALS zamanı idrak funksiyaları əksər hallarda qorunsa da, bəzi xəstələrdə davranış və düşünmə dəyişiklikləri də müşahidə oluna bilər. Xəstəlik adətən yetkin yaşlarda başlayır və mərhələli şəkildə ağırlaşır.

Xəstəliyin xüsusiyyətləri

· Hərəkət neyronlarının tədricən məhvi
  · Əzələlərin zəifləməsi və atrofiyası
  · Proqressiv gediş
  · Tam sağalma mümkün deyil, lakin simptomatik və dəstəkləyici müalicə mövcuddur

Ən çox rast gəlinən simptomlar

· Əllərdə və ayaqlarda zəiflik
  · Əzələ
daralmaları (spazmları)
  · Nitq pozğunluğu (dizartriya)
  · Udma çətinliyi (disfagiya)
  · Hərəkət koordinasiyasının pozulması
  · Tənəffüs əzələlərinin zəifləməsi
  · Çəki itkisi və qidalanma problemləri

Xəstəliyin irəliləmiş mərhələlərində xəstələrdə hərəkət qabiliyyəti əhəmiyyətli dərəcədə azalır və tənəffüs çatışmazlığı inkişaf edə bilər.

ALS proqressiv və həyati təhlükə yaradan xəstəlik olduğu üçün erkən mərhələdən etibarən palliativ yanaşma vacibdir.

ALS zamanı palliativ yardım müalicənin alternativi deyil, xəstənin həyat keyfiyyətini mümkün qədər uzun müddət qorumağa yönəlmiş kompleks və çoxşaxəli yanaşmadır.

Dağınıq skleroz

Dağınıq skleroz mərkəzi sinir sisteminin autoimmun xəstəliyidir. Bu zaman immun sistemi sinir liflərini örtən mielin qişasını zədələyir və nəticədə sinir impulslarının ötürülməsi pozulur.

Xəstəlik dalğavari və ya proqressiv gedişə malik ola bilər.

Ən çox rast gəlinən simptomlar:
  · Əzələ zəifliyi
  · Hərəkət koordinasiyasının pozulması
  · Görmə problemləri
  · Keyimə və hissiyyat pozğunluğu
  · Xroniki yorğunluq
  · Sidik-ifraz pozğunluqları
  · Depressiya

İrəliləmiş mərhələlərdə hərəkət məhdudluğu, yataq vəziyyəti və tənəffüs problemləri yarana bilər. Bu hallarda simptomların idarə olunması və həyat keyfiyyətinin qorunması üçün palliativ yardım mühüm rol oynayır.

Digər demensiyalar

Demensiya müxtəlif səbəblərdən yaranan və idrak funksiyalarının pozulması ilə xarakterizə olunan sindromdur. Buraya damar mənşəli demensiya, Levi cisimcikli demensiya və digər formalar daxildir.

Ən çox rast gəlinən simptomlar:
  · Yaddaş pozğunluğu
  · Diqqət və planlaşdırma çətinliyi
  · Hərəkət və balans problemləri
  · Halüsinasiyalar (bəzi formalarda)
  · Emosional dəyişikliklər
  · Gündəlik fəaliyyətlərdə asılılıq

Xəstəlik irəlilədikcə xəstənin özünə qulluq qabiliyyəti azalır və ailə üzvlərinin və tibbi personalın dəstəyi vacib olur.

Alzheimer xəstəliyi

Alzheimer xəstəliyi demensiyanın ən geniş yayılmış formasıdır və əsasən yaddaşın tədricən zəifləməsi ilə başlayır. Zaman keçdikcə düşünmə, nitq, orientasiya və gündəlik fəaliyyət bacarıqları pozulur.

Ən çox rast gəlinən simptomlar:
  · Yaddaşın zəifləməsi
  · Yeni məlumatları yadda saxlama çətinliyi
  · Orientasiya pozğunluğu
  · Davranış və şəxsiyyət dəyişiklikləri
  · Nitq və ünsiyyət çətinliyi
  · Son mərhələdə tam asılılıq

Xəstəliyin irəliləmiş mərhələlərində udma çətinliyi, yataq vəziyyəti, infeksiyalar və qidalanma problemləri inkişaf edə bilər. Bu mərhələdə palliativ yanaşma xüsusi əhəmiyyət kəsb edir.

Neyrodegenerativ xəstəliklər

Neyrodegenerativ xəstəliklər mərkəzi sinir sistemində (beyin və onurğa beyni) sinir hüceyrələrinin tədricən zədələnməsi və məhvi ilə xarakterizə olunan xroniki, proqressiv xəstəliklər qrupudur. Bu xəstəliklər zamanla funksional qabiliyyətin azalmasına, yaddaş, hərəkət və davranış pozğunluqlarına səbəb olur.

Xəstəliyin gedişi adətən illərlə davam edir və mərhələli şəkildə ağırlaşır. Simptomların xarakteri xəstəliyin növündən və zədələnmiş beyin nahiyəsindən asılıdır.

Əsas neyrodegenerativ xəstəliklər:

  • Alzheimer xəstəliyi
  • Digər demensiyalar
  • Dağınıq skleroz
  • Amyotrofik lateral skleroz (ALS)

Neyrodegenerativ xəstəliklər uzunmüddətli və proqressiv xarakter daşıdığı üçün xəstələrdə yalnız fiziki deyil, həm də psixoloji və sosial problemlər yaranır.

Funksional bacarıqların qiymətləndirilməsi

Palliativ pasiyentlərin  funksional bacarıqları da mütləq şəkildə qiymətləndirilməlidir. Çünki xəstənin ümumi vəziyyəti yalnız fiziki simptomlarla məhdudlaşmır – emosional durum və gündəlik fəaliyyət qabiliyyəti həyat keyfiyyətinə birbaşa təsir göstərir.

Funksional qiymətləndirmə pasiyentin gündəlik həyat fəaliyyətlərini nə dərəcədə müstəqil yerinə yetirə bildiyini müəyyən edir.

Qiymətləndirilən əsas sahələr:

  • Özünə qulluq (yuyunma, geyinmə, qidalanma)
  • Hərəkət qabiliyyəti
  • Tualetə getmə və kontinensiya (insanın sidik və nəcis ifrazını iradi şəkildə nəzarətdə saxlamaq qabiliyyətidir)
  • Ev daxilində və ya kənarda hərəkət
  • Sosial və kommunikativ fəaliyyət

Funksional bacarıqların azalması:

  • Baxım səviyyəsinin müəyyənləşdirilməsinə
  • Reabilitasiya planının qurulmasına
  • Evdə və ya stasionar baxım ehtiyacının qiymətləndirilməsinə
  • Ailə üzvlərinin dəstək səviyyəsinin planlaşdırılmasına kömək edir.

Ən çox istifadə olunan alətlər: 

Karnofsky Performance Status  - Xəstənin ümumi funksional vəziyyətini göstərir

ECOG (Eastern Cooperative Oncology Group) - Fiziki aktivlik və özünə qulluq səviyyəsini qiymətləndirir

Barthel Index - Gündəlik həyat fəaliyyətlərini qiymətləndirir

 

Psixoloji və funksional qiymətləndirmə kompleks, multidissiplinar yanaşmanın ayrılmaz hissəsidir və fərdi baxım planının düzgün qurulmasını təmin edir.

Psixoloji vəziyyətin qiymətləndirilməsi

Palliativ pasiyentlərin psixoloji vəziyyəti da mütləq şəkildə qiymətləndirilməlidir. Çünki xəstənin ümumi vəziyyəti yalnız fiziki simptomlarla məhdudlaşmır – emosional durum və gündəlik fəaliyyət qabiliyyəti həyat keyfiyyətinə birbaşa təsir göstərir.

Psixoloji vəziyyətin qiymətləndirilməsi

Ağır və xroniki xəstəliklərlə yaşayan pasiyentlərdə aşağıdakı hallar tez-tez müşahidə olunur:

  • Depressiya
  • Narahatlıq
  • Qorxu və qeyri-müəyyənlik hissi
  • Sosial təcrid
  • Ümidsizlik və motivasiya itkisi

Psixoloji vəziyyətin vaxtında qiymətləndirilməsi:

  • Emosional gərginliyin azaldılmasına
  • Psixoloji dəstəyin təşkilinə
  • Lazım olduqda psixiatriya və ya psixoloq konsultasiyasına
  • Ailə ilə düzgün kommunikasiya qurulmasına

imkan yaradır.

Ən çox istifadə olunan alətlər:

  • PHQ-9 (Patient Health Questionnaire) - Depressiyanın şiddətini ölçür
  • GAD-7 (General Anxiety Disorder) Narahatlıq skrininqi üçün istifadə olunur
  • HADS (Hospital Anxiety and Depression Scale) - Narahatlıq və depressiyanı qiymətləndirir

Psixoloji və funksional qiymətləndirmə kompleks, multidissiplinar yanaşmanın ayrılmaz hissəsidir və fərdi baxım planının düzgün qurulmasını təmin edir.

Qida çatışmazlığının inkişaf riskinin qiymətləndirilməsi

Qida riskinin qiymətləndirilməsi xəstədə qidalanma çatışmazlığı (malnutrisiya) riskini erkən mərhələdə aşkar etmək üçün istifadə olunan standartlaşdırılmış skrininq alətidir. Xroniki, onkoloji, neyrodegenerativ və ağır somatik xəstəliklər zamanı qidalanma pozğunluğu həyat keyfiyyətini və müalicə nəticələrini ciddi şəkildə pisləşdirə bilər.

Erkən qiymətləndirmə vaxtında müdaxilə etməyə və ağırlaşmaların qarşısını almağa imkan verir.

Qida riskinin qiymətlindirmə alətləri adətən aşağıdakı göstəriciləri əhatə edir:

1. Çəki itkisi

  • Son 1–6 ayda istəmədən çəki itkisi olubmu?
  • Çəki itkisi neçə faiz təşkil edir?

2. Bədən kütlə indeksi (BKİ)

  • BKİ <18.5 → yüksək risk
  • BKİ 18.5–20 → orta risk
  • BKİ >20 → aşağı risk (digər faktorlar nəzərə alınmaqla)

3. Qida qəbulu

  • Son günlərdə iştahanın azalması
  • Qida miqdarının azalması
  • Udma və çeynəmə çətinliyi

4. Xəstəliyin ağırlıq dərəcəsi

  • Kəskin və ya xroniki ağır xəstəlik
  • Metabolik tələbatın artması
  • İnfeksiya və ya iltihabi proses

Riskin dərəcələri

  • Aşağı risk – Müşahidə və maarifləndirmə kifayətdir
  • Orta risk – Qidalanma planının korreksiyası tələb olunur
  • Yüksək risk – Dietoloq konsultasiyası və xüsusi qidalandırıcı dəstək lazımdır

Palliativ yardım çərçivəsində qida riskinin müntəzəm qiymətləndirilməsi xəstənin komfortunun və ümumi vəziyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ağrının idarəedilməsi prinsipləri

Ağrı yalnız fiziki hiss deyil – o, insanın emosional, sosial və psixoloji vəziyyətinə də təsir edir. Müasir tibbdə ağrının idarə olunması xəstənin həyat keyfiyyətini artırmağa yönəlmiş əsas müalicə istiqamətlərindən biridir.

Ağrının düzgün qiymətləndirilməsi və vaxtında aradan qaldırılması xüsusilə xroniki xəstəliklərdə və Onkoloji xəstəliklər zamanı böyük əhəmiyyət daşıyır.

Əsas Prinsiplər 

  1. Ağrı hər zaman qiymətləndirilməlidir
  2. Müalicə fərdi planlaşdırılmalıdır
  3. Dərmanlar müntəzəm qəbul edilməlidir
  4. Qeyri-dərman üsullarından istifadə olunmalıdı
  5. Komanda yanaşması vacibdir
  6. Xəstə və ailə maarifləndirilməlidir

1. Ağrının Qiymətləndirilməsi

Effektiv müalicə düzgün qiymətləndirmədən başlayır. Xəstənin öz ifadəsi əsas göstəricidir.

Qiymətləndirmə zamanı nəzərə alınır:

  • Ağrının intensivliyi
  • Lokalizasiyası (harada hiss olunur)
  • Xarakteri (küt, sancıvari, yandırıcı və s.)
  • Müddəti (kəskin və ya xroniki)
  • Ağrını artıran və azaldan faktorlar
  • Ağrının yuxuya, iş qabiliyyətinə və gündəlik həyata təsiri

2. Fərdiləşdirilmiş yanaşma

Hər bir xəstənin ağrı təcrübəsi fərqlidir. Eyni diaqnoza malik iki xəstənin ağrı müalicəsi fərqli ola bilər.

Müalicə planı aşağıdakılara əsaslanmalıdır:

  • Yaş və ümumi sağlamlıq vəziyyəti
  • Əsas xəstəlik
  • Digər qəbul edilən dərmanlar
  • Psixoloji vəziyyət

3. Dərmanla müalicə prinsipləri

Ağrının müalicəsində mərhələli yanaşma tətbiq olunur. Dərmanlar saat üzrə, müntəzəm qəbul edilməlidir – yalnız ağrı artdıqda deyil.

I mərhələ – Yüngül ağrı

  • Parasetamol
  • Qeyri-steroid iltihabəleyhinə dərmanlar

II mərhələ – Orta şiddətli ağrı

  • Zəif opioidlər (kodein və s.)
  • Kombinə edilmiş preparatlar

III mərhələ – Güclü ağrı

  • Güclü opioid analgetiklər (morfin və s.)
  • Xüsusi doza və həkim nəzarəti 

4. Qeyri-dərman üsulları

 Ağrının idarəsində dərmanlarla yanaşı digər üsullar da tətbiq olunur:

  • Fizioterapiya
  • Masaj
  • İstilik və ya soyuq tətbiqi
  • Nəfəs məşqləri
  • Psixoloji dəstək
  • Relaksasiya texnikaları

Bu üsullar xüsusilə xroniki ağrıda effektivdir.

5. Multidissiplinar yanaşma

Ağrının idarəedilməsi komanda işidir:

  • Həkim
  • Tibb bacısı
  • Psixoloq
  • Fizioterapevt
  • Sosial işçi

Xüsusilə Palliativ qayğı sahəsində bu yanaşma əsas prinsipdir.

6. Xəstə və ailənin maarifləndirilməsi

  • Ağrı gizlədilməməlidir
  • Opioidlər düzgün istifadə olunduqda təhlükəsizdir
  • Ağrının vaxtında bildirilməsi müalicəni asanlaşdırır
  • Ailə üzvləri dəstəkləyici rol oynayır

Maarifləndirmə ağrı qorxusunu və yanlış inancları azaldır.

Ürək-damar xəstəlikləri

Ürək-damar xəstəlikləri

Ürək-damar xəstəlikləri ürək və qan damarlarını zədələyən, əsasən xroniki və proqressiv gedişə malik olan xəstəliklər qrupudur. Bu xəstəliklər dünyada ölüm və əlilliyin əsas səbəblərindən biridir. Gedişi xəstəliyin növündən, mərhələsindən və xəstənin ümumi sağlamlıq vəziyyətindən asılıdır. Ürək-damar sistemi pozulduqda orqan və toxumalara oksigen və qida maddələrinin çatdırılması azalır, bu isə müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bəzi hallarda xəstəlik uzunmüddətli və proqressiv xarakter daşıyır və son mərhələdə həyat üçün təhlükə yarada bilər.

Palliativ yardıma daha çox ehtiyac yaradan hallar:

  • Son mərhələ ürək çatışmazlığı
  • Kardiomiopatiyalar
  • Ağır işemik ürək xəstəliyi
  • Təkrarlanan hospitalizasiyalarla müşayiət olunan ürək patologiyaları

Xəstələrdə hansı problemlər müşahidə olunur

  • Daimi nəfəs darlığı
  • Yorğunluq və zəiflik
  • Ayaqlarda və qarın boşluğunda ödem
  • Ürək ritm pozğunluqları
  • Gecə boğulma tutmaları
  • Tez-tez xəstəxanaya yerləşdirmə

Bu simptomlar xəstənin gündəlik həyat fəaliyyətini ciddi məhdudlaşdırır.

Ürək-damar xəstəliklərinin ağır və irəliləmiş mərhələlərində xəstələrdə fiziki simptomlarla yanaşı, psixoloji gərginlik və həyat keyfiyyətinin ciddi azalması müşahidə olunur.

Palliativ yardım ürək-damar xəstəliklərində yalnız həyatın son mərhələsi üçün deyil, xəstəliyin ağırlaşdığı istənilən mərhələdə simptomların yüngülləşdirilməsi və funksional vəziyyətin yaxşılaşdırılması məqsədilə tətbiq oluna bilər.

 

Uşaq palliativ yardımı

Palliativ qayğı yalnız böyüklər üçün deyil. Uşaq palliativ yardımı ağır və həyatı məhdudlaşdıran xəstəlikləri olan uşaqlara və onların ailələrinə göstərilən kompleks tibbi, psixoloji və sosial dəstəkdir.

Məqsəd xəstəliyi mütləq sağaltmaq deyil, uşağın rahatlığını, ağrısızlığını və həyat keyfiyyətini təmin etməkdir.

Hansı hallarda tətbiq olunur?

Uşaq palliativ yardımı aşağıdakı xəstəliklərdə lazım ola bilər:

  • Onkoloji xəstəliklər
  • Anadangəlmə ağır qüsurlar
  • Neyrodegenerativ xəstəliklər
  • Ağır genetik sindromlar
  • Orqan çatışmazlıqları

Xüsusilə Onkoloji xəstəliklər zamanı həm müalicə ilə paralel, həm də son mərhələdə tətbiq oluna bilər.

Əsas prinsiplər

1. Erkən başlanması

Palliativ yardım yalnız həyatın son günləri üçün deyil. Diaqnoz qoyulduğu andan etibarən başlana bilər.

2. Ağrının və simptomların idarəsi

  • Ağrının azaldılması
  • Nəfəs darlığının nəzarəti
  • Qidalanma problemlərinin həlli
  • Yuxu və narahatlığın azaldılması

3. Psixoloji və emosional dəstək

  • Uşağa yaşına uyğun izah
  • Valideynlərə psixoloji yardım
  • Bacı-qardaşların dəstəklənməsi

Uşağın emosional rahatlığı fiziki vəziyyətinə də müsbət təsir edir.

4. Ailə mərkəzli yanaşma

Uşaq palliativ yardımı yalnız uşağa deyil, bütün ailəyə yönəlib.

Valideynlər:

  • Qərarvermə prosesində iştirak edir
  • Müalicə barədə məlumatlandırılır
  • Dəstək və məsləhət alır

5. Multidissiplinar komanda

  • Pediatr
  • Palliativ həkim
  • Tibb bacısı
  • Psixoloq
  • Sosial işçi

Komanda uşağın və ailənin ehtiyaclarına uyğun fərdi plan hazırlayır.

Palliativ sedasiya haqqında məlumat

Palliativ qayğı sahəsində əsas məqsəd xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq və əzabını azaltmaqdır. Bəzi hallarda ağrı və ya digər ağır simptomlar adi müalicə ilə nəzarət altına alınmadıqda palliativ sedasiya tətbiq oluna bilər.

Palliativ sedasiya nədir?

Palliativ sedasiya – xəstənin dözülməz və müalicəyə tabe olmayan simptomlarını azaltmaq üçün şüur səviyyəsinin tibbi nəzarət altında müvəqqəti və ya davamlı şəkildə azaldılmasıdır.

Bu üsul yalnız son mərhələli, ağır xəstəliklərdə və digər bütün müalicə variantları sınaqdan keçirildikdən sonra istifadə olunur.

Hansı hallarda tətbiq edilir?

Palliativ sedasiya aşağıdakı hallar zamanı düşünülə bilər:

  • Şiddətli və idarəolunmayan ağrı
  • Nəzarət olunmayan nəfəs darlığı
  • Ağır təşviş və psixoloji iztirab
  • Davamlı qusma və ya digər dözülməz simptomlar

Xüsusilə son mərhələli Onkoloji xəstəliklər zamanı bəzi hallarda bu üsul zəruri ola bilər.

Vacib məqamlar

1. Məqsəd həyatı qısaltmaq deyil

Palliativ sedasiyanın məqsədi:
  ✔ Əzabı azaltmaq
  ✔ Rahatlıq təmin etmək
  ✔ Xəstənin ləyaqətini qorumaq

Bu, evtanaziya deyil.

2. Qərar necə verilir?

  • Multidissiplinar tibbi komanda tərəfindən qiymətləndirilir
  • Xəstə (mümkünsə) və ailə məlumatlandırılır
  • Etik və hüquqi prinsiplərə uyğun qərar verilir

3. Sedasiya növləri

  • Yüngül sedasiya – xəstə yarıoyaq vəziyyətdə ola bilər
  • Dərin sedasiya – şüur səviyyəsi əhəmiyyətli dərəcədə azalır
  • Fasiləli və ya davamlı tətbiq oluna bilər

4. Nəzarət və təhlükəsizlik

  • Doza fərdi seçilir
  • Həyati göstəricilər izlənilir
  • Ailə üzvlərinə psixoloji dəstək göstərilir

Ailə üçün vacib məlumat

  • Bu qərar yalnız son çarə kimi verilir
  • Məqsəd əzabın azaldılmasıdır
  • Hər addım izah olunur
  • Ailə prosesi izləyə və suallar verə bilər

Opioidlərin təhlükəsiz istifadəsi

Opioidlər güclü ağrıkəsici dərmanlardır və əsasən güclü və davamlı ağrılar zamanı istifadə olunur. Xüsusilə Palliativ qayğı və Onkoloji xəstəliklər zamanı ağrının effektiv idarə olunmasında mühüm rol oynayır.

Düzgün istifadə edildikdə opioidlər təhlükəsiz və təsirlidir.

Opioid nədir?

Opioidlər beyində ağrı siqnallarını zəiflədir və ağrını azaldır.
  Onlara nümunə olaraq:

  • Morfin
  • Fentanil
  • Oksikodon

(verilən preparatlar yalnız həkim təyinatı ilə istifadə olunmalıdır)

Təhlükəsiz istifadə prinsipləri

1. Yalnız həkim təyinatı ilə

  • Doza fərdi seçilir
  • Özbaşına artırmaq və ya azaltmaq olmaz
  • Başqasının dərmanını istifadə etmək qadağandır

2. Müntəzəm qəbul

Opioidlər:

  • Saat üzrə qəbul edilməlidir
  • Ağrı çox artdıqdan sonra deyil, planlı şəkildə istifadə olunmalıdır

Bu, ağrının qarşısını almağa kömək edir.

3. Əks-təsirlərə nəzarət

Ən çox rast gəlinən yan təsirlər:

  • Qəbizlik
  • Yuxululuq
  • Ürəkbulanma
  • Başgicəllənmə

Qəbizliyin qarşısını almaq üçün həkim əlavə dərman təyin edə bilər.

Aşağıdakı hallarda dərhal həkimə müraciət edilməlidir:

  • Nəfəsin yavaşlaması
  • Şüurun bulanması
  • Həddindən artıq yuxululuq

4. Asılılıq qorxusu

Tibbi məqsədlə və nəzarət altında istifadə olunan opioidlərdə psixoloji asılılıq riski aşağıdır.

Palliativ və xroniki ağrı zamanı əsas məqsəd:
  ✔ Ağrının aradan qaldırılması
  ✔ Xəstənin rahatlığı
  ✔ Həyat keyfiyyətinin yaxşılaşdırılması

5. Saxlanma qaydaları

  • Uşaqlardan uzaq saxlanmalıdır
  • Qapalı qablaşdırmada qorunmalıdır
  • İstifadə müddəti keçmiş dərmanlar atılmalıdır

Nəfəs darlığının qiymətləndirilməsi

Nəfəs darlığı (dispnoe) bir çox xroniki və ağır xəstəliklər zamanı rast gəlinən ən narahatedici simptomlardan biridir. Xəstənin vəziyyətini düzgün qiymətləndirmək və uyğun müalicə planı seçmək üçün nəfəs darlığının şiddəti xüsusi şkalalar vasitəsilə ölçülür.Bu qiymətləndirmə həm xəstəliyin ağırlıq dərəcəsini müəyyən etməyə, aparılan müalicənin effektivliyini izləməyə, həm də oksigen terapiyası və digər müdaxilələrə ehtiyacı müəyyən etməyə imkan verir.

mMRC (Modified Medical Research Council) şkalası

Bu şkala nəfəs darlığının gündəlik fiziki fəaliyyətə təsirini qiymətləndirir və xüsusilə xroniki ağciyər və ürək xəstəliklərində geniş istifadə olunur.

Qiymətləndirmə 0-dan 4-ə qədər aparılır:

0 bal – Yalnız ağır fiziki yüklənmə zamanı nəfəs darlığı olur.
 
1 bal – Tələsik yeriyərkən və ya yüngül yoxuş qalxarkən nəfəs darlığı yaranır.
 
2 bal – Yaşıdlarla müqayisədə daha yavaş yerimə və ya yeriyərkən dayanma ehtiyacı olur.
 
3 bal – Təxminən 100 metr yeridikdən sonra və ya bir neçə dəqiqə ərzində dayanmaq lazım gəlir.
 
4 bal – Evdən çıxa bilməmə və ya geyinib-soyunarkən nəfəs darlığı yaranır.

Borg şkalası

Bu şkala xəstənin öz subyektiv hissinə əsaslanır və nəfəs darlığının intensivliyini 0-dan 10-a qədər qiymətləndirir.

0 bal – Nəfəs darlığı yoxdur.
 
1–3 bal – Yüngül nəfəs darlığı.
 
4–6 bal – Orta dərəcəli nəfəs darlığı.
 
7–9 bal – Şiddətli nəfəs darlığı.
 
10 bal – Maksimal, dözülməz nəfəs darlığı.

Vizual Analoji Şkala (VAS)

Xəstə 10 sm-lik xətt üzərində nəfəs darlığının intensivliyini qeyd edir.
  0 – nəfəs darlığı yoxdur
  10 – mümkün olan ən şiddətli nəfəs darlığı

Palliativ yardım çərçivəsində nəfəs darlığının vaxtında və düzgün qiymətləndirilməsi xəstənin komfortunun artırılmasında mühüm rol oynayır.

 

Ağrının qiymətləndirməsi

Ağrı palliativ yardımdə ən geniş yayılmış simptomlardan biridir. Qiymətləndirmə şkalaları onun şiddətini, növünü və təsirini müəyyən etməyə kömək edir.

Ən çox istifadə olunan şkalalar:

NRS (Rəqəmsal Qiymətləndirmə Şkalası)

Rəqəmsal Qiymətləndirmə Şkalası (NRS) simptomların intensivliyini ölçmək üçün istifadə olunan sadə və praktik qiymətləndirmə üsuludur. Ən çox ağrının dərəcəsini müəyyən etmək üçün tətbiq edilir, lakin nəfəs darlığı, yorğunluq və digər subyektiv simptomların qiymətləndirilməsində də istifadə oluna bilər.

Bu şkala xəstənin öz hissinə əsaslanır və simptomun şiddətini rəqəmlə ifadə etməyə imkan verir.Sadə və sürətli istifadə olunur.

Pasiyent ağrını 0–10 bal ilə qiymətləndirir (0 – ağrı yoxdur, 10 – dözülməz ağrı).

VAS (Vizual Analoji Şkala)

10 sm-lik xətt üzərində pasiyent ağrının dərəcəsini göstərir.

Şəkillər və rənglər vasitəsilə də tətbiq edilə bilər (uşaqlar və yaşlı pasiyentlər üçün uyğundur).

Üz ifadəsi şkalası (Faces Pain Scale)

Xəstə danışa bilmirsə və ya uşaqdırsa, üz ifadələri ilə ağrı dərəcəsi seçilir.

0 (gülümsəyən üz – ağrı yoxdur) → 10 (ağrı ilə əzab çəkən üz).

Dolopaq və ya COMFORT şkalası (uşaqlar və reanimasiya pasiyentləri üçün)

Nəfəs darlığı, jest, mimika və davranış indikatorları ilə ağrı qiymətləndirilir.

Hər pasiyent üçün şkala seçimi fərdi olmalıdır. Ağrı şkalasını gündəlik olaraq qeyd etmək və dəyişiklikləri izləmək vacibdir.

 

İnsan immunçatışmazlığı virusu (İİV)

İnsan immunçatışmazlığı virusu (İİV) immun sistemini zəiflədən xroniki virus infeksiyasıdır. Virus əsasən CD4 hüceyrələrini zədələyir və nəticədə orqanizmin infeksiyalara və bəzi şiş xəstəliklərinə qarşı müdafiə qabiliyyəti azalır.

QİÇS İİV infeksiyasının son və ən ağır mərhələsidir. Bu mərhələdə immun sistemi ciddi zədələndiyi üçün xəstə müxtəlif fürsətçi infeksiyalar və ağırlaşmalarla üzləşə bilər.

İİV infeksiyası uzun müddət simptomsuz davam edə bilər. Müasir antiretrovirus terapiya (ART) sayəsində xəstəliyin gedişini nəzarətdə saxlamaq və uzunömürlülüyü təmin etmək mümkündür.

Yoluxma yolları

· Qorunmamış cinsi əlaqə
  · Yoluxmuş qan və qan məhsulları
  · Steril olmayan iynə və tibbi alətlər
  · Anadan uşağa (hamiləlik, doğuş və ya ana südü vasitəsilə)

İİV gündəlik məişət təması, əl sıxma, eyni qabdan istifadə və ya hava-damcı yolu ilə ötürülmür.

Ən çox rast gəlinən simptomlar

İlkin mərhələdə:
  · Qızdırma
  · Boğaz ağrısı
  · Limfa düyünlərinin böyüməsi
  · Halsızlıq

İrəliləmiş mərhələlərdə:
  · Sürətli çəki itkisi
  · Uzunmüddətli qızdırma
  · Xroniki ishal
  · Təkrarlayan infeksiyalar
  · Ağız boşluğunda göbələk infeksiyaları
  · Ağciyər infeksiyaları
  · Dəri və selikli qişa zədələnmələri
  · Ne
vroloji pozğunluqlar

Müasir müalicə ilə bir çox İİV xəstəsi uzun və keyfiyyətli həyat sürə bilir. Lakin xəstəliyin gec mərhələlərində və ya müalicəyə gec başlanıldıqda ağırlaşmalar inkişaf edə bilər.

İİV/QİÇS zamanı palliativ yardım yalnız həyatın son mərhələsi üçün deyil, xəstəliyin istənilən mərhələsində simptomların yüngülləşdirilməsi və həyat keyfiyyətinin qorunması məqsədilə tətbiq oluna bilər.

 

Onkoloji xəstəliklər

Onkoloji xəstəliklər (xərçəng) hüceyrələrin nəzarətsiz bölünməsi nəticəsində yaranan və ətraf toxumalara, həmçinin uzaq orqanlara yayıla bilən (metastaz verən) xəstəliklər qrupudur.

Xərçəng bədənin istənilən orqanında inkişaf edə bilər və gedişi xəstəliyin növündən, mərhələsindən və xəstənin ümumi vəziyyətindən asılıdır.

Ən çox rast gəlinən onkoloji xəstəliklər:

  • Ağciyər xərçəngi
  • Süd vəzi xərçəngi
  • Mədə-bağırsaq sistemi xərçəngləri
  • Prostat vəzi xərçəngi
  • Qaraciyər və mədəaltı vəzi xərçəngi
  • Hematoloji şişlər (leykozlar, limfomalar)

Xərçəng xəstələrində yalnız şişin özü deyil, həm də onun yaratdığı ağır simptomlar xəstənin gündəlik həyatına və ümumi həyat keyfiyyətinə ciddi təsir göstərir.

Ən çox rast gəlinən simptomlar:

  • Güclü və xroniki ağrı
  • Nəfəs darlığı
  • Ürəkbulanma və qusma
  • Qidalanma pozğunluğu və kaxeksiya (qüçlü arıqlama)
  • Zəiflik və halsızlıq
  • Anemiya (qan azlıqı)
  • Depressiya və qorxu
  • Yuxu pozğunluqları

Onkoloji xəstəliklər palliativ yardıma ən çox ehtiyac yaradan xəstəliklər qrupudur. Xəstəliyin irəliləmiş mərhələlərində müxtəlif orqan sistemlərinin funksiyası pozula və orqan çatışmazlığı inkişaf edə bilər. Xərçəngin həm özü, həm də tətbiq olunan müalicə üsulları (kimyaterapiya, radioterapiya, cərrahi müdaxilələr,hədəfli terapiya, immunoterapiya  s.) bir sıra ağır simptomlarla müşayiət oluna bilər və bu simptomların effektiv idarə olunması xüsusi yanaşma tələb edir.

Palliativ yardım onkoloji xəstələr üçün müalicənin alternativi deyil, onun ayrılmaz və vacib tərkib hissəsidir.